`Düşmən tərəfdə əcnəbi hərbçilər də var`- Aprel döyüşlərinin görünməyən tərəfi


13:43     07 Aprel 2017 doyusece%20aprel.jpg

"Öz gücünə qalsa, Ermənistan heç vaxt bizə qarşı müharibə apara bilməz. Onlara digər dövlətlər, əcnəbi hərbçilər kömək edirlər. Bunlar aprel döyüşləri zamanı açıq-aşkar göründü. Ermənilərə digər dövlətlərin nümayəndələrinin kömək etmələrini açıq görmək olurdu. Bu, həmin adamların geyimindən də, təchizatından da hiss olunurdu. Onların fərqli geyindiklərini, fərqli silah-sursatla təchiz olunduqlarını açıq şəkildə görürdük".



Femida.az xəbər verir ki, Milli.Az -a bunu 2016-cı ilin aprelində cəbhənin Talış istiqamətində gedən döyüşlərdə iştirak edərək yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Rauf Musayev deyib.

Onun sözlərinə görə, ötən il aprelin 2-nə keçən gecə düşmənin canlı qüvvəsi, diversiya qrupları təxribat törətmək üçün Tap Qaraqoyunlu və Talış ərazilərində bir neçə istiqamətdən qəfil hücuma keçiblər: "Mən və döyüş yoldaşlarım həmin ərazidə düşmənin qarşısını almaq üçün vuruşduq, əks-həmlə edərək erməniləri o ərazidən çıxardıq və Talış kəndinin ən əsas strateji əraziləri bizim nəzarətimizə keçdi. Düşmənin obyektlərini, texnikalarını, canlı qüvvələrini məhv etdik. Hazırda Talış istiqamətində düşmənin çox böyük ərazilərinə nəzarət edə bilirik. Əgər birzə qarşı hansısa təxribat törətmək istəsələr, qarşısını dərhal ala biləcəyik. Biz ona görə ermənilərin qarşısını ala bildik ki, hazırlıqlı idik. Əgər biz onlara hücum etsəydik, onlar bizə tezliklə müqavimət göstərə bilməzdilər. Ordumuz güclüdür. Ən müasir silah və texnikalarımız var, təchizatımız yüksək səviyyədədir".

Kapitan qeyd edib ki, ermənilər döyüş zamanı qorxusundan postları, silahları qoyub qaçırmışlar. Hətta elələri olub ki, komandirləri onları ağır silahlara bağlayıb ki, qaçıb getməsin: "Düşmən bizim mərdliyimizdən, döyüş ruhumuzdan qorxub qaçırdı. Ermənilərin bir mənfi cəhəti də odur ki, onlarda ölən və yaralanan olanda döyüş meydanında qoyub qaçırdılar. Hətta elə əsgərlər var idi ki, qaçmasınlar deyə onları qolundan böyük çaplı silahlara bağlamışdılar.

R.Musayev necə yaralanmasını belə təsvir edib: "Aprelin 2-nə keçən gecə səhərə yaxın erməni diversantların qarşısını alan zaman bir düşmənlə üz-üzə yaxın məsafədə vuruşurduq. Onları ərazidən qovan zaman partlayış nəticəsində çoxsaylı qəlpə yaraları aldım və müstəqil hərəkət fəaliyyətimi itirdim. Daha sonra döyüşü davam etdirə bilmədim və məni oradan hərbi hospitala gətirdilər. Amma indi demək olar ki, sağalmışam, xidmətimi davam etdirirəm. Ali Baş Komandanımız əmr versə, indi də döyüşə atılmağa hazıram!"

Açar sözlər:

Oxunub: 6735